Tarix: 05.07.2014
NATO İDB-nin Birgə Maliyyələşdirmə Qrantları proqramının maliyyə dəstəyilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycanın Avro-Atlantik inteqrasiya prosesləri və NATO ilə tərəfdaşlığı barəsində ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində 05 iyul 2014-cü il tarixində Gəncə şəhərində “NATO-Azərbaycan əlaqələri: 20 illik tərəfdaşlığın gələcək perspektivləri” mövzusunda dəyirmi masa tədbiri həyata keçirilmişdir.
Mövzu ilə bağlı çıxış edən tədbirin məruzəçisi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Hərbi-Siyasi Məsələlər İdarəsinin 1-ci katibi Vüqar Qurbanov tədbir iştirakçılarına NATO-Azərbaycan tərəfdaşlığının istiqamət sahələri və bu günkü dinamikası, həmçinin NATO-Azərbaycan arasındakı geniş spektrli tərəfdaşlığın gələcək perspektivləri barəsində ətraflı məlumat verdi.
Tədbirdə daha sonra “NATO-Azərbaycan əlaqələri və Uels Sammitinin prioritetləri” mövzusunda çıxış edən NATO-nun Cənubi Qafqaz üzrə koordinatoru Despina Afentouli öz çıxışında NATO-Azərbaycan tərəfdaşlığının əhəmiyyəti və NATO-nun Əfqanıstanda həyata keçirdiyi sülhyaratma əməliyyatlarına Azərbaycanın töhfəsi, həmçinin NATO-nun Uelsdə keçiriləcək Sammitinin prioritetləri barəsində tədbir iştirakçılarını məlumatlandırmışdır.
NATO-nun İctimai Diplomatiya Bölməsinin maliyyə dəstəyi ilə həyata keçirilən bu tədbir nəticəsində 58 nəfər ictimaiyyət nümayəndəsi, xüsusilə gənclər NATO-Azərbaycan tərəfdaşlığı, həmçinin bu tərəfdaşlığın əhəmiyyəti və perspektivləri barəsində mühüm məlumatlar əldə etdilər.
Tədbir çərçivəsində məruzəçilərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinə NATO-nun mövqeyi, konfliktin həlli istiqamətində NATO-nun qeyri-fəallığına dair sullar verilmiş və müzakirələr aparılmışdır. Bundan başqa tədbir iştirakçıları tərəfindən Avro-Atlantik təhlükəsizlik sistemində NATO-nun rolu barəsində verilən suallara dair müzakirələr aparılmışdır.
Tədbirdə Gəncə şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov və İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Samirə Həsənova İştirak edirdilər.
Tədbirdə iştirak edən KəpəzTV, TTV, Ganja News və AzərTAC-dan olan media nümayəndələrinin vasitəsilə tədbir haqqında daha geniş ictimaiyyət məlumatlandırılmışdır.