Gəncə şəhərində sağlamlıq imkanları məhdud olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi layihəsinə start verildi
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 01 may 2018-ci il tarixindən etibarən “Azərbaycanın qərb bölgəsində sağlamlıq imkanları məhdud olan uşaqların və gənclərin informasiya, təhsil və məşğulluq imkanlarının yaradılması ilə cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi” layihəsinin icrasına başlanılmışdır.
Gəncə şəhərində, Göygöl və Samux rayonlarında yaşayan sağlamlıq imkanları məhddud olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiya imkanlarının daha da gücləndirilməsi məqsədi daşıyan bu layihə sağlamlıq imkanları məhddud olan uşaqların və gənclərin sosial cəhətdən inkluzivliyinin artırılması istiqamətində keyfiyyətcə yeni, imkanların yaradılmasını nəzərdə tutur.
Bu məqsədlə sağlamlıq imkanları məhddud olan uşaqların və gənclərin təhsil, informasiya və məşğulluq imkanlarının artırılması, eyni zamanda ailəyə dəstək, psixoloji məsləhətlər və cəmiyyətdə bu şəxslərə qarşı daha düzgün münasibətin formalaşması sahəsində layihə fəaliyyətlərini həyata keçirməklə bu uşaqların və gənclərin intellektual və yaradıcı potensiallarının aşkara çıxarılmasına, özünəinam hissinin artırılmasına və özünütəstiq qabiliyyətlərinin gücləndirilməsinə dəstək göstəriləcəkdir.
Gəncə və ətraf rayonlarda yaşayan sağlamlıq imkanları məhddud olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi məqsədi daşıyan bu layihə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına, “2014-2018-ci illərdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Planı”na və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğundur.