Vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri üçün “Advokasi və Kommunikasiya” mövzusunda təlim keçirilmişdir
22-23 noyabr 2018 ci il tarixində, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin layihə ofisində vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə “Advokasi və Kommunikasiya” mövzusunda 2 günlük seminar keçirilib.
Tədbir Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq mkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov seminarın məqsədi və iki günlük proqramı haqqında məlumat vermişdir.
Tədbirin məruzəçi eksperti Günay Zeynalova xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarına advokasi anlayışı, advokasinin prinsipləri, məqsədi və vəzifələri, maraqlı tərəflərin təhlili, advokasinin mərhələlələri, uğurlu advokasi prosesində problemin təhlili, səlahiyyət münasibətlərinin təhlili, hədəf auditoriyanın seçilməsi, mesajların ötürülməsi, kampaniyalarda istifadə olunacaq strategiya və taktikanın müəyyən edilməsi və advokasinin digər mərhələləri barəsində geniş məlumatlar vermişdir.
Daha sonra seminar iştirakçılarının advokasi ilə bağlı praktik bacarıqlar əldə etmələri üçün qruplarla iş aparılmışdır.
21 nəfər vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirin sonunda iştirakçılar tərəfindən seminarın ümumi qiymətləndirməsi aparılmış, həmcinin advokasi və kommunikasiya məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.