Sağlamlıq imkanları məhdud olan şəxslərə sosial xidmətlərin göstərilməsi ilə bağlı yerli QHT nümayəndələri üçün seminar təşkil edilmişdir
30-31 avqust 2018-ci il tarixlərində, Gəncə şəhərində yerli QHT təmsilçiləri üçün Gəncə Avro-Atlantik Məlumat Mərkəzi və Azərbaycana Birgə Yardım (UAFA) təşkilatları tərəfindən “Sağlamlıq imkanları məhdud olan şəxslərə sosial xidmətlərin göstərilməsinin nəzəriyyəsi və praktikası” mövzusunda 2 günlük seminar keçirilmişdir.
Tədbir Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, “Əlilliyi olan şəxslər üçün Mərkəz” (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatlarının birgə icra etdiyi “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Tədbiri giriş nitqi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri və layihənin rəhbəri Mehman Xəlilov açaraq bildirdi ki, “Sağlamlıq imkanları məhdud olan şəxslər üçün göstərilən sosial xidmətin keyfiyyəti əsasən bu xidməti göstərən işçilərin bilik və bacarıqlarından asılıdır. Bu baxımdan sağlamlıq imkanları məhdud olan şəxslər üçün sosial xidmətlərin göstərilməsi mövzusunda seminarın keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.
Tədbirin məruzəçi eksperti, UAFA-nın təlimlər üzrə meneceri Ülviyyə Mirzəyeva təlimin 1-ci günü xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarına “Əlilliyi olan insanlar üçün alternativ xidmətlər”, “Preventiv xidmətlərin növləri, Dünya təcrübəsində mövcud alternativ xidmətlər”, “Azərbaycanda mövcud olan alternativ xidmətlər”, “Böhran vəziyyətinə düşən ailələrə dəstək, Sosial iş və sosial işçi” mövzularında geniş məlumatlar vermişdir. Təlimin 2-ci günü “İcma Əsaslı Reabilitasiya proqramı (İƏR) və onun əhatə dairəsi”, “İƏR-in inkişafında icmanın rolu” mövzularına həsr edilmişdir. Seminar ərzində mövzu ətrafında müzakirələr və fikir mübadiləsi aparılmış və qrup işlərinin təqdimatları dinlənilmişdir.
Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində nəşr edilmiş “Xüsusi ehtiyacı olan uşaqların inkişafına dair təlimat” kitabı, “Davranışın idarəolunması və pozitiv valideynlik” mövzusunda kitabça və əlilliklə bağlı məlumatlandırma vərəqələri təqdim edilmişdir.
Gəncə şəhəri və ətraf rayonlarda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə fəal şəkildə inteqrasiyasının gücləndirilməsində yerli icmaların və ailələrin rolunun təşviqi məqsədi daşıyan bu tədbir “Azərbaycan 2020: Gələcəyə baxiş” İnkişaf Konsepsiyasına və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğundur.