Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanın qərb bölgəsində sağlamlıq imkanları məhdud olan uşaqların və gənclərin informasiya, təhsil və məşğulluq imkanlarının yaradılması ilə cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi” layihəsi uğurla başa çatmışdır.
Gəncə şəhərində, Göygöl və Samux rayonlarında yaşayan sağlamlıq imkanları məhddud olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiya imkanlarının daha da gücləndirilməsi məqsədi daşıyan bu layihə çərçivəsində Gəncə şəhəri və ətraf rayonlardan olan sağlamlıq imkanları məhdud olan uşaq və gənclər üçün MS Office kompyuter proqramları üzrə təlim kursları təşkil edilmiş və Ailə vəhdətinin gücləndirilməsi məqsədilə sağlamlıq imkanları məhdud olan uşaqlara və onların valideynlərinə psixoloji dəstək göstərilmişdir.
Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan gənclərin əmək bazarına hazırlığının artırılması və özünəinam hissinin gücləndirilməsi, həmçinin bu gənclərin informasiya və təhsil imkanlarının genişləndirilməsi məqsədilə xüsusi qayğıya ehtiyacı olan gənclərin iştirakı ilə “Karyera hədəfinin seçilməsi”, “İş axtarma bacarıqları”, “CV-nin düzgün tərtibatı”, “Müsahibə qabiliyyəti”, “Təqdimatların hazırlanması”, “İdeyaların mübadiləsi”, “E-iştirakçilıq və Online təhsil” mövzularında seminarlar təşkil edilmişdir.
Əlilliyi olan şəxslərə içtimai münasibətlərin daha düzgün formalaşdırılması məqsədilə, layihə çərçivəsində media və sosial media vasitəsilə 20-dən artıq maarifləndirmə və məlumatlandırma xarakterli materiallar yayımlanmışdır.
Layihə nəticəsində daha uğurlu nəticələrə nail olunması və layihənin dayanıqlığının təmin edilməsi məqsədi ilə layihəyə əlavə dəyər gətirən fəaliyyətlər də həyata keçirilmişdir.
Bununla bağlı, layihədə iştirak etmək üçün təşkilatımıza müraciət edən və sosial iş ixtisası üzrə ali təhsil alan 4 nəfər tələbə ilə Könüllülük müqaviləsi bağlandıqdan sonra onlar layihə psixoloqunun köməkçisi üzrə könüllü vəzifəsində layihəyə cəlb edilmişdirlər.
Eyni zamanda, layihədən birbaşa bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlardan və gənclərdən 3 nəfərinə yüksək parametrli kompyuter avadanlıqları hədiyyə olunmuşdur (bu kompyuter avadanlıqlarınin alınması layihə büdcəsində nəzərdə tutulmamışdır).
Ümumiyyətlə, layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin təhsil, informasiya və məşğulluq imkanlarının artırılması, eyni zamanda ailəyə psixoloji dəstək sahəsində həyata keçirilən fəaliyyətlər nəticəsində bu uşaqların və gənclərin intellektual və yaradıcı potensiallarının aşkara çıxarılması, özünəinam hissinin artırılması və nəticə etibarilə onların cəmiyyətə daha dolğun inteqrasiya olunmaları üçün imkanlar daha da genişləndirilmişdir.
Bununla bağlı, təşkilatımız tərəfindən həyata keçirilən bu layihəni dəstəklədiyi üçün təşkilatımızın idarə heyəti, layihədən bəhrələnən uşaqlar, gənclər və onların ailələri adından Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edirik.