Şəmkir, Göygöl və Samux rayonlarında layihə fəaliyyətləri ilə bağlı əhalinin məlumatlandırılması həyata keçirilmişdir
03-05 sentyabr 2018-ci il tarixlərində Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin (GAAMM) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatı Gəncə İcma əsaslı Reabilitasiya Mərkəzinin layihə üzrə əsas işçi heyəti Şəmkir, Göygöl və Samux rayonlarına səfər etmişdirlər. Səfərin məqsədini həmin rayonların ictimaiyyətini layihə fəaliyyətləri və “İcma əsaslı Reabilitasiya” proqramı ilə bağlı məlumatlandırmaq təşkil edirdi.
Yerli İcra Hakimiyyətləri, səhiyyə, sosial müdafiə və təhsil şöbələrinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyindəki Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin, səhiyyə müəsissələrinin, yerli QHT-lərin və xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin iştirak etdiyi görüşlər qeyd olunan rayonlarda yerləşən Heydər Əliyev mərkəzlərində keçirilmişdir. Görüşlər ərzində layihənin işçi heyəti tərəfindən iştirakçılara layihə çərçivəsində təşkil edilmiş sosial reabilitasiya xidmətləri ilə bağlı geniş məlumat verilmişdir. Daha sonra, iştirakçılar, əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri layihə çərçivəsində təşkil edilmiş sosial xidmətlərdən bəhrələnməklə bağlı onları maraqlandıran məsələlərlə bağlı layihə təmsilçilərinə suallar vermişdirlər. Görüşlər zamanı iştirakçılara layihə çərçivəsində nəşr edilmiş “Xüsusi ehtiyacı olan uşaqların inkişafına dair təlimat” kitabı, “Davranışın idarəolunması və pozitiv valideynlik” mövzusunda kitabça və əlilliklə bağlı məlumatlandırma vərəqələri təqdim edilmişdir.
Şəmkir, Göygöl və Samux rayonlarına səfərlər Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, “Əlilliyi olan şəxslər üçün Mərkəz” (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatlarının birgə icra etdiyi “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunmuşdur.
Layihə “Azərbaycan 2020: Gələcəyə baxiş” İnkişaf Konsepsiyasına və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğundur.