Tarix: 24.11.2022
Gəncə şəhərində, 24 noyabr 2022-ci il tarixində “İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, vətəndaşların elektron kitabxana resursları ilə təmin olunması fəaliyyətinin inkişaf etdirilməsi” layihəsinin yekun konfransı keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən icra olunub.
Tədbirdə çıxış edən layihə rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov, 26 nəfər konfrans iştirakçılarına layihənin məqsədi və konfransın proqramı haqqında məlumat verib.
Layihə rəhbəri, həyata keçirilən bu layihə çərçivəsində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin 18 əməkdaşının elektron kitabxana resurslarının yaradılması və idarə edilməsi, nəşrlərin rəqəmsallaşdırılması, milli və beynəlxalq elektron kitabxana resurslarından istifadə üçün kitabxana istifadəçilərinə məsləhətlərin verilməsi sahəsində bilik və bacarıqlarının artırıldığı konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktoru vəzifəsini müvəqqəti icra edən Gülünaz xanım İsgəndərova çıxış edərək həyata keçirilən bu layihənin uğurlu nəticələrini qeyd edib eyni zamanda, layihə nəticəsində hədəf kitabxanalarda biblioqrafik yazıların və elektron nəşrlərin sayının əhəmiyyətli dərəcədə artdığını və kitabxana istifadəçilərinin elektron kitabxana resursları ilə təmin edilməsi sahəsində yeni imkanların yaradılması barəsində konfrans iştirakçılarını məlumatlandırıb.
Layihə çərçivəsində keçirilən təlimlərin iştirakçıları, Azərbaycan Milli Kitabxanasından və UNEC Kitabxana İnformasiya Sistemindən dəfət olunmuş təlimçi-ekspertlər tərəfindən nümayiş etdirilən təqdimatlar nəticəsində əldə edilən yeni bilik və bacarıqların kitabxana istifadəçilərinə göstərilən xidmət səviyyəsinin yüksəldilməsinə zəmin yaratdığını vurğulayıblar.
Daha sonra layihə rəhbəri tərəfindən, kitabxana istifadəçilərinin elektron informasiya və bilik resursları ilə təmin edilməsi məqsədi daşıyan bu layihənin icra edilməsinə göstərilən təşkilati dəstəyə görə Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə minnətdarlıq edilmişdir. Bununla bağlı çıxış edən Gəncə Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Ülvi Hüseynov tərəfindən bu layhənin aktuallığı və əhəmiyyəti vurğulanıb, həmçinin layihənin kitabxana informasiya sahəsinin inkişafı ilə bağlı dövlət proqramına uyğunluğu qeyd edilib.
Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin, müvafiq hökumət stukturunun, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilən konfransda layihənin icrası nəticəsində əldə olunan uğurlu nəticələr barəsində layihə rəhbəri tərəfindən iştirakçılara ətraflı məlumatlar verilib.