Tarix: 29 yanvar 2024-cü il
“İnnovativ İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsü çərçivəsində 29 yanvar 2024-cü il tarixindən etibarən “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində fəaliyyət göstərən ailə və məişət zorakılığına məruz qalmış qadınlar üçün sığınacağın otaqlarıının işıqlandırılması günəş enerjisi avadanlıqlarının vasitəsilə həyata keçirilməsinə başlanıldı.
Bu təşəbbüs Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində icra edilir.
Bərpa olunan günəş enerjisindən istifadə qadın sığınacağının maliyyə vəsaitinə qənaət olunmasına, sığınacağın fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinə və karbon dioksid emissiyasının müvafiq miqdarda azaldılmasına dəstək göstərir. Qadın sığınacağının günəş enerjisi ilə təmin edilməsindən bir il ərzində təqribən 250 nəfər sığınacaqda məskunlaşan qadın bəhrələnəcəkdir.
Eyni zamanda, sığınacaqda quraşdırılmış günəş enerjisi avadanlıqları alternativ enerji mənbələrinin təşviq edilməsinə və yerli icma nümayəndələrinin iqlim dəyişikliyinin fəsadlarına daha həssas yanaşmalarına zəmin yaradır.
Bu fəaliyyət Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” olmasına,
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və 2024-cü ildə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının-COP29-un Tərəflər Konfransının iqlim dəyişikliyi ilə mübarizə məqsədinə uyğundur.